SDU-da innovasiya və startap ekosisteminin inkişaf perspektivləri müzakirə olunub
Sumqayıt Dövlət Universitetində (SDU) innovasiya və startap mühitinin inkişafı istiqamətində görüş keçirilib.
SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli universitet tələbələrinin də təmsil olunduğu “Spark Stack Systems” komandasının üzvü Cavid Zülfiyevlə görüşüb.
Görüşdə innovasiya yönümlü fəaliyyətin genişləndirilməsi, tələbələrin startap təşəbbüslərinə cəlb olunması və bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması məsələləri müzakirə edilib.
Rektor qeyd edib ki, SDU-da innovativ düşüncəyə malik tələbələrin aşkarlanması, onların ideyalarının inkişaf etdirilməsi və texnoloji layihələrin dəstəklənməsi əsas prioritetlərdəndir.
Görüş zamanı universitetdə yaradılması nəzərdə tutulan inkubasiya mərkəzi barədə məlumat verilib. Professor Nurəli Yusifbəyli süni intellekt texnologiyalarının tədris və tədqiqat proseslərində tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıb, yaxın zamanda sənaye tipli robotların istifadəsi ilə bağlı yeni imkanların formalaşacağını diqqətə çatdırıb.
“Spark Stack Systems” komandasının fəaliyyəti barədə bildirilib ki, komanda SDU tələbələrinin təşəbbüsü ilə yaradılıb və kibertəhlükəsizlik, süni intellekt, kvant fintech və AI-quantum istiqamətlərində fəaliyyət göstərir. Hazırda 56 üzvdən ibarət komandanın tərkibində 12 SDU tələbəsi yer alır.
Sonda tələbələrin startap fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.

































































