ADNSU əməkdaşı Mərkəzi Asiya Regional Konfransında qlobal ali təhsilin gələcəyinə dair müzakirələrdə iştirak edib
Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya tarixində ilk dəfə Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının (IAUP) regional konfransı keçirilib. "Təsir yönümlü universitetlər: Təhsil, liderlik və ictimai dəyişiklik" mövzusuna həsr olunan IAUP (Mərkəzi Asiya Regional Konfransı) ali təhsil sahəsində dünyanın nüfuzlu platformalarından biri kimi 20-dən çox ölkədən 100-dən artıq universitet rəhbərini, beynəlxalq təşkilatların nümayəndələrini, dövlət qurumlarının təmsilçilərini və ekspertləri bir araya gətirib.
Konfrans çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də beynəlxalq akademik ictimaiyyətin nümayəndələri ilə birlikdə qlobal ali təhsilin aktual çağırışları və inkişaf perspektivlərinin müzakirə olunduğu platformada təmsil olunub.
Konfrans çərçivəsində "Beynəlxalq standartlar və nəticəyönümlü universitetlərin gələcəyi", "Sahibkar universitetlər – iqtisadi və sosial transformasiyanın hərəkətverici qüvvəsi", "Ali təhsil və davamlı inkişaf: Dünyanın ehtiyac duyduğu universitetlər", "Asiyada özəl ali təhsil modelləri: müxtəliflik və ortaq çağırışlar" və "Mərkəzi Asiya: Qlobal ali təhsildə yeni səs" mövzularında plenar və panel sessiyalar təşkil olunub. Sessiyalarda ali təhsildə keyfiyyət təminatı, beynəlxalq əməkdaşlıq, innovasiya və sahibkarlıq, dayanıqlı inkişaf, universitetlərin transformasiyası və regionun qlobal ali təhsil məkanında artan rolu ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin diqqətçəkən məqamlarından biri də "Süni intellektdən sonrakı universitetlər: Yeni nəsil təhsil institutları üçün yol xəritəsi" adlı beynəlxalq nəşrin təqdimatı olub. Təqdimat zamanı süni intellektin ali təhsilin gələcəyinə və yeni nəsil universitet modellərinin formalaşmasına təsiri beynəlxalq ekspertlər tərəfindən müzakirə edilib.
ADNSU-nun IAUP Mərkəzi Asiya Regional Konfransında təmsil olunması universitetin beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi, qlobal ali təhsil təşəbbüslərində fəal iştirakı və regionun təhsil gündəliyinin formalaşdırılmasına verdiyi töhfənin növbəti göstəricisi kimi dəyərləndirilə bilər.

































































