“Telefon və internet asılılığının fəsadları” mövzusunda maarifləndirici tədbir
“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Hövsan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 281 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Telefon və internet asılılığının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, şəhid ailələri, bələdiyyə sədrləri, Rayon Polis İdarəsinin əməkdaşı, eləcə də məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında rəqəmsal texnologiyalardan düzgün istifadə mədəniyyətinin formalaşdırılması, telefon və internet asılılığının psixoloji, sosial və fiziki sağlamlığa mənfi təsirləri barədə məlumatlılığın artırılması olub.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Dadaş Əliyev çıxış edərək qonaqları salamlayıb, belə maarifləndirici tədbirlərin gənclərin sağlam və məsuliyyətli rəqəmsal davranış vərdişlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova çıxış edərək müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının həyatımızın ayrılmaz hissəsinə çevrildiyini vurğulayaraq, onların düzgün istifadə edilmədiyi hallarda asılılıq yaratdığını, təhsil göstəricilərinə, ailədaxili münasibətlərə, sosial ünsiyyətə və sağlamlığa mənfi təsir göstərdiyini diqqətə çatdırıb. K.Axundova bildirib ki, xüsusilə uşaqlar və yeniyetmələr arasında ekran qarşısında həddindən artıq vaxt keçirmək diqqət dağınıqlığına, emosional problemlərə və sosial təcridə səbəb ola bilər.
Həmçinin, Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov keçirilən maarifləndirici tədbirlərin gənclərin sağlam həyat tərzinin təşviqi, hüquq və azadlıqları barədə məlumatlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Tədbir zamanı şagirdlər rəqəmsal təhlükəsizlik qaydaları, internetdən səmərəli istifadə vərdişləri, sosial şəbəkələrin təsirləri və asılılığın qarşısının alınması yolları barədə maraqlı səhnəciklər nümayiş etdiriblər.




































































