Abşeronda “Qadınların şəhərsalmada rolu” mövzusunda dəyirmi masa keçirilib

Hit: 157
Abşeronda “Qadınların şəhərsalmada rolu” mövzusunda dəyirmi masa keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qadınların şəhərsalmada rolu” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, gender məsələləri üzrə məsul şəxs Gülnar Rəhimova, rayonun bələdiyyələrində fəaliyyət göstərən Gender komissiyalarının sədrləri iştirak ediblər.
 
Əvvəlcə çıxış edən Gülnar Rəhimova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən, qadınların ictimai-siyasi həyatda artan rolundan və onların şəhərsalma sahəsində iştirakının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, müasir şəhərlərin planlaşdırılması və inkişafı prosesində qadınların baxış və təcrübələrinin nəzərə alınması daha təhlükəsiz, əlçatan və inklüziv şəhər mühitinin formalaşmasına mühüm töhfə verir. Gülnar Rəhimova çıxışında Azərbaycanın tanınmış qadın memarları haqqında danışıb, habelə vurğulayıb ki, dünyanın ən tanınmış qadın memarlarından biri olan Zaha Hadid özünün qeyri-adi və futuristik memarlıq üslubu ilə dünya memarlıq tarixində silinməz iz qoyub. Onun müəllifi olduğu Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir memarlıq simvollarından biri hesab olunur.
 
Dəyirmi masa zamanı qadınların şəhərsalma və yerli özünüidarəetmə sahəsində fəaliyyət imkanları, şəhər məkanlarının planlaşdırılmasında gender yanaşmasının tətbiqi, ictimai məkanların təhlükəsizliyi və əlçatanlığı, eləcə də bələdiyyələr yanında fəaliyyət göstərən Gender komissiyalarının bu istiqamətdə rolu ətrafında geniş müzakirələr aparılıb.
 
Çıxış edən iştirakçılar şəhərsalma proseslərində qadınların daha fəal iştirakının təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi və yerli səviyyədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və dəyirmi masanın məqsədinə uyğun olaraq gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. İştirakçılara icma əsaslı müzakirələrin təşkili, yerli problemlərin və ehtiyacların birbaşa sakinlərlə birgə müəyyənləşdirilməsi, eləcə də qadınların yerli idarəetmədə, o cümlədən mövzu üzrə fəallığının artırılması istiqamətində maarifləndirici tədbirlərin təşkil olunması tövsiyə olunub.






Redaktorun seçimi