Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Hit: 168
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
Daha öncə məlumat verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Vyetnamın Baş prokuroru Nquyen Tiyenın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
 
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev də iştirak edib. Tərəflər ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib. 
 
Bundan başqa nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüş zamanı ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixinə nəzər yetirilib və müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilib. Həmçinin, qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə edilib.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanmasında aktivliyi ilə fərqlənir.
 
Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
 
Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində qonaqlar 7 saylı “ASAN xidmət” mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. 
 
Həmçinin, nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.






Redaktorun seçimi