“İnsan Hüquqları Aylığı” çərçivəsində hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib
Bakı Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri ilə “İnsan hüquqlarının müdafiəsində milli və beynəlxalq mexanizmlərin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Bakı Apellyasiya Məhkəməsinin aparat rəhbəri Əzizağa Məmmədov çıxış edərək tələbələri məhkəmənin sədri və kollektivi adından salamlayıb, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, bu sahədə həyata keçirilən institusional islahatlar barədə məlumat verib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Mədətli mühazirə ilə çıxış edərək insan hüquqlarının müdafiəsində milli və beynəlxalq mexanizmlərin rolu, bu mexanizmlərin qarşılıqlı əlaqəsi və məhkəmə sisteminin həmin sahədə funksional əhəmiyyəti barədə geniş məlumat verib.
Tədbir zamanı tələbələrlə mövzu üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, insan hüquqlarının müdafiəsində məhkəmə orqanlarının praktiki fəaliyyəti və beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə olunub.
Tələbələr eyni zamanda məhkəmə aparatının fəaliyyəti və sənəd dövriyyəsinin təşkili ilə tanış olublar, açıq məhkəmə iclasında da iştirak ediblər.





































































