"Qərbi Azərbaycan irsinin qorunması və təbliği" mövzusunda dəyirmi masa
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş nitqi söyləyən Ağstafa RİH Başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova Qərbi Azərbaycan torpaqlarının tarixi, mədəniyyəti, orada yaşayan azərbaycanlıların deportasiya tarixi və irsin qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Mövzuya dair geniş məruzələrlə çıxış edən digər natiqlər, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının və milli yaddaşın yaşadılmasının vacibliyini bir daha vurğulayıblar.




































































