BMU əməkdaşı Çində elmi konfransda təqdimatla çıxış edib

Hit: 161
BMU əməkdaşı Çində elmi konfransda təqdimatla çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Turanə Babayeva Çinin paytaxtı Pekin şəhərində keçirilən nüfuzlu beynəlxalq elmi konfransda iştirak edib.

Pekin Kimya Texnologiya Universiteti tərəfindən təşkil olunan “The 10th International Conference on Biorefinery and Biomanufacturing (ICB 2026)” adlı konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və sənaye nümayəndələrini bir araya gətirib. Elmi tədbirdə bioemal prosesləri, bioəsaslı məhsul istehsalı, sintetik biologiya və yaşıl texnologiyalar sahəsində son elmi yeniliklər müzakirə olunub.

Turanə Babayeva konfransın “Bioloji və kimyəvi çevrilmələr” sessiyasında elmi müzakirələrə qatılıb, həmçinin universitetdə “Qida tullantılarının emalı və onların qiymətli məhsullara katalitik çevrilməsi” istiqamətində aparılan tədqiqat işlərini iştirakçılara təqdim edib. Təqdimat zamanı qida tullantılarının səmərəli idarə olunması, dövri iqtisadiyyat prinsiplərinin tətbiqi və tullantılardan faydalı kimyəvi məhsulların əldə edilməsi sahəsində aparılan araşdırmalar barədə məlumat verilib.

Eyni zamanda, müxtəlif ölkələrdən olan alim və mütəxəssislərlə gələcək birgə tədqiqat layihələri və əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Konfransın sonunda Turanə Babayevaya elmi tədbirdə fəal iştirakına görə sertifikat təqdim olunub. Qeyd edək ki, ICB 2026 bioemal və bioməhsul istehsalı sahəsində dünyanın ən tanınmış beynəlxalq elmi platformalarından biri hesab olunur və belə bir tədbirdə iştirak Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, yeni elmi əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.







Redaktorun seçimi