Sumqayıt Dövlət Universitetində insan haqları üzrə elmi-praktik konfrans
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il təşkil olunan və bu il mayın 18-dən iyunun 18-dək davam edən “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici elmi seminar keçirilib. Seminar “Şəxsiyyətin formalaşması və psixoloji sağlamlıq” və “Uşaq hüquqlarının müdafiəsi” mövzularına həsr olunub.
Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva açaraq insan hüquqları sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, gənclərdə hüquqi düşüncənin formalaşdırılmasının vacibliyindən danışıb. Daha sonra Pedaqogika və Psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova insan hüquqlarının təbliği istiqamətində keçirilən tədbirlərin tələbələrin və gənclərin vətəndaş məsuliyyətinin, hüquq mədəniyyətinin və sosial həssaslığının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Seminarda Psixologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Salamova “Şəxsiyyətin formalaşması və psixoloji sağlamlıq” mövzusunda məruzə ilə çıxış edərək insan hüquqlarının şəxsiyyətin inkişafı, psixoloji rifah və inklüziv cəmiyyətin formalaşmasındakı rolundan, insan hüquqlarına hörmət, bərabər imkanların yaradılması, ayrı-seçkiliyin qarşısının alınması və psixoloji təhlükəsiz mühitin təmin olunması inklüziv cəmiyyət quruculuğunun əsas prinsipləri olduğunu qeyd edib.
Pedaqogika və Psixologiya kafedrasının müəllimi Vəfa Həbibullayeva isə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda təqdimatla çıxış edərək müasir dövrdə uşaqların üzləşdiyi risklər, xüsusilə kiberbulinq və rəqəmsal təhlükəsizlik məsələləri barədə məlumat verib, uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirmənin vacibliyini vurğulayıb.




































































