Xankəndidə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib
Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub.
Qarabağ Universitetində keçirilən tədbirdə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların ictimai həyatda fəal iştirakının təşviqi məsələləri müzakirə olunub.
Tədbirin açılışında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Ədibə Quliyeva layihənin qadınların inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri olduğunu qeyd edib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb.
Universitetinin Tələbələrlə iş mərkəzinin direktoru Gülşən Qasımzadə, Dövlət Komitəsinin əməkdaşı Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxışlarında qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərdən, onların inkişafı üçün yaradılan imkanlardan və regionlarda həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətindən danışıblar.
Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Azərbaycan Memarlıq İttifaqının katibi Şeyda Novruzzadə və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların suallarıcavablandırılıb.
Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.






































































