Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib.
Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova, eləcə də aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər.
Təlim çərçivəsində insan alveri və məcburi əmək cinayətlərinin aşkarlanması, potensial qurbanların müəyyən edilməsi, zərərçəkmiş şəxslərlə etik və həssas davranış prinsipləri, aidiyyəti qurumlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin profilaktik tədbirlərin effektiv təşkili istiqamətində təqdimatlar edilib.
Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları tərəfindən insan alveri qurbanlarına göstərilən sosial xidmətlər, onların reabilitasiyası və reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimin məqsədi gömrük əməkdaşlarının insan alveri və məcburi əmək hallarının aşkarlanması sahəsində bilik və bacarıqlarının artırılması, risk qruplarının vaxtında müəyyən edilməsi, zərərçəkmiş şəxslərin müdafiəsi istiqamətində institusional yanaşmanın gücləndirilməsi, eləcə də aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın daha da təkmilləşdirilməsi olub.








































































