Gəncədə Türkiyədə keçirilən “Milli Ailə Həftəsi” çərçivəsində dəyirmi masa təşkil olunub
Gəncədə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin təməli güclü ailədir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Tədbirdə “Ailə və Əhali 10 İli (2026–2035)” proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Ailə və Əhali 10 İli” proqramı çərçivəsində ölkənin bir sıra şəhərlərində ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər təşkil olunur. O qeyd edib ki, Türkiyə Respublikasının Konstitusiyasında ailə cəmiyyətin təməli kimi qəbul edilir və dövlətin ailənin rifahı və xoşbəxtliyi üçün zəruri tədbirlər görməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov isə çıxışında ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Dəyirmi masada Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, “TƏMAS” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, ADAU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevda Abdullayeva və sahibkar xanım Pərvanə İmamquliyeva “Güclü cəmiyyətin təməli güclü ailədir” mövzusunda çıxışlar ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









































































