Şuşada Ulu Öndərin dövlətçilik irsinə həsr olunan seminar və intellektual oyun keçirilib

Hit: 154
Şuşada Ulu Öndərin dövlətçilik irsinə həsr olunan seminar və intellektual oyun keçirilib
Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin növbəti günü Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji irsinə həsr olunan seminarla davam edib.
 
Azərbaycanın müasir dövlətçilik tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən seminarda dövlət quruculuğu modelinin əsas prinsipləri, gənclərin cəmiyyətin inkişafındakı rolu, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri geniş müzakirə olunub.
 
Tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə “Ümummilli Liderin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji əsaslar” mövzusunda geniş məruzə ilə çıxış edib.
 
Məruzə ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının öyrənilməsi və təbliği gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətçilik ənənələrinə bağlılığın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, gənclərin bilik və bacarıqlarının inkişafı, onların dövlət idarəçiliyində, ictimai həyatda fəal iştirakının təmin olunması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
 
Seminardan sonra iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib. 
 
Ardınca  bilik yarışının qalibləri, “Yay məktəbi” çərçivəsində fəallığı ilə seçilən gənclər fəxri fərmanlarla təltif olunublar. 
 
Xatırladaq ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr edilən “Yay məktəbi” 2-5 iyun tarixlərini əhatə edir. Proqram çərçivəsində iştirakçılar üçün maarifləndirici seminarlar, eləcə də Şuşa və Xankəndinin zəngin tarixi-mədəni irsi ilə tanışlığa imkan yaradan müxtəlif tədbirlər təşkil olunub. “Yay məktəbi”nin əsas məqsədi gənclərin dövlətçilik dəyərləri, milli ideologiya və müasir inkişaf prioritetləri barədə biliklərinin artırılması, onların ictimai fəallığının və vətəndaş məsuliyyətinin gücləndirilməsidir.






Redaktorun seçimi