“Zorakılığın qarşısının alınmasında dövlət və cəmiyyətin rolu”

Hit: 149
“Zorakılığın qarşısının alınmasında dövlət və cəmiyyətin rolu”
Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Zorakılığın qarşısının alınmasında dövlət və cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, səhiyyə işçiləri, məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar, şagirdlər və valideynlər iştirak ediblər.
 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxışlar zamanı cəmiyyətdə zorakılıq hallarının, xüsusilə məişət zorakılığının qarşısının alınmasında dövlətin həyata keçirdiyi hüquqi, institusional və tibbi-psixoloji tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, zorakılığa qarşı effektiv mübarizə yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin, o cümlədən vətəndaşların, təhsil və səhiyyə müəssisələrinin, eləcə də ailələrin birgə, koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür. Yeniyetmə və gənclərin sağlam mühitdə böyüməsi, onların mənəvi-psixoloji durumu və hüquqlarının müdafiəsi, həmçinin zorakılığın fərdlərin fiziki və psixi sağlamlığına vurduğu ciddi zərərlərin qarşısının vaxtında alınması məsələlərinə toxunulub.
 
Qeyd olunub ki, bu növ neqativ halların vaxtında aşkarlanması və qarşısının alınması üçün məktəb mühitində mütəmadi olaraq hüquqi maarifləndirmə işlərinin aparılması, valideyn-məktəb münasibətlərinin sıxlaşdırılması və cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və həmrəylik prinsiplərinin təbliği xüsusi əhəmiyyət kəsb edir.
 
Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi