Mingəçevir şəhərində ictimai dinləmə keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Məişət zorakılığı ilə mübarizə” mövzusuna həsr olunan ictimai dinləmə keçirilib.
Mingəçevir Dövlət Universitetində keçirilən tədbirdə universitet tələbələri, müəllimlər, dövlət orqanlarının nümayəndələri, QHT təmsilçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Ümumilikdə 200-ə yaxın şəxsin iştirak etdiyi tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Agentliyin nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, müvafiq müəssisənin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin fəaliyyəti, şöbəyə qəbul qaydaları, həmçinin məişət zorakılığı ilə mübarizə xətti olan 116123 haqqında təqdimatlar ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






































































