“Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir - FOTOLAR

Hit: 307
“Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir - FOTOLAR
Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir – “Mənəviyyat dərsləri” təşkil olunub. Tədbir “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.
 
Faktor.az xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin və Edu Company təhsil şirkətinin Sumqayıt filialının tələbələri iştirak ediblər. Gənclərlə keçirilən bu mənəvi maarifləndirmə dərslərinin əsas məqsədi milli kimlik şüurunun möhkəmləndirilməsi, ailə və cəmiyyət institutlarının əhəmiyyətinin vurğulanması, vətənpərvərlik ruhunun aşılanması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasıdır. Tədbirdə “Elin Səsi” İctimai Birliyinin sədri Elvin Talışınski, təşkilatın sədr müavinləri Əli Rzazadə və Abbas Qurbanov çıxış ediblər.
 
Onlar öz məruzələrində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlər, ailə institutunun cəmiyyətdəki rolu, şəhidlik məqamının müqəddəsliyi, valideyn və böyüklərə hörmət, milli-mənəvi dəyərlərin təbliği və qorunmasının əhəmiyyəti barədə geniş fikirlər bildiriblər. Elvin Talışınski çıxışında vurğulayıb ki, müasir dövrdə informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda gənclərin mənəviyyatla bağlı maarifləndirilməsi xüsusi önəm kəsb edir. O qeyd edib ki, milli-mənəvi dəyərlərin itirilməsi milli kimliyin zəifləməsinə səbəb ola bilər və bu baxımdan cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin bu dəyərlərlə silahlanması vacibdir. Digər çıxış edənlər – Əli Rzazadə və Abbas Qurbanov isə xüsusilə ailə dəyərlərinin qorunması, vətənə, dövlətə, şəhidlərə və valideynlərə hörmətin cəmiyyətin mənəvi dayanıqlığının əsasını təşkil etdiyini vurğulayıblar.
 
Onlar gəncləri milli köklərə bağlı, vətənpərvər, sağlam mənəvi zəmində yetişməyə çağırıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə davam edib. Tələbələr çıxışçılara suallar verib, fikir mübadiləsi aparıb və milli-mənəvi dəyərlərin təbliğinə dair öz düşüncələrini bölüşüblər. “Əxlaq, ailə, şəhidlik və böyüklərə hörmət – bu dörd dəyər üzərində qurulan cəmiyyət güclü və dayanıqlı olur” – bu fikir tədbirin ümumi ruhunu əks etdirən əsas mesajlardan biri kimi yadda qalıb. Həmçinin tədbir iştirakçılarına layihə çərçivəsində nəşr olunan "Mənəviyyat axtarışında" adlı hekayələr toplusu paylanılıb. 
 
Qeyd edək ki, “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində ilk tədbir Azərbaycan Universitetinin tələbələri üçün keçirilmişdi. Layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, mənəviyyata yönəlik düşüncə tərzini formalaşdırmaq və cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirməkdir.
Sonda Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin klub rəhbərləri, həmçinin Edu Company təhsil şirkətinin rəhbər şəxsləri milli-mənəvi dəyərlərimizin təbliği sahəsində göstərdikləri fəaliyyətə görə ictimai birlik tərəfindən təltif ediliblər.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi