Beyin sarsıntısından sonra idmana qayıdışda fərdi və ehtiyatlı yanaşma vacibdir - ARAŞDIRMA

Hit: 169
Beyin sarsıntısından sonra idmana qayıdışda fərdi və ehtiyatlı yanaşma vacibdir - ARAŞDIRMA
Cənubi Avstraliya Universitetindən (UniSA) olan tədqiqatçılar qeyri-peşəkar və yarı-elit idmançıların beyin sarsıntılarından sonra oyuna qayıtmasına dair mövcud protokolların yetərsiz ola biləcəyini bildirərək daha ciddi və fərdi qiymətləndirmələrin tətbiqinə çağırırlar. “Exercise and Sport Sciences Reviews” jurnalında dərc olunan son araşdırmada bildirilir ki, beyin sarsıntısı baş, boyun və ya bədənə alınan zərbədən sonra beyində yaranan qəfil sarsıntı nəticəsində meydana gələn travmatik zədədir. Bu zədə müxtəlif simptomlarla müşayiət oluna bilər və şüur itkisi ilə və ya onsuz baş verə bilər.
 
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmanın aparıcı müəllifi Hunter Bennettinin məlumatına görə, sarsıntının nəticələrinin yalnız qısamüddətli deyil, həm də uzunmüddətli sağlamlıq riskləri yaratdığı sübut olunub. Onun sözlərinə görə, balans, koordinasiya və reaksiya vaxtının pozulması kimi təsirlər, oyunçuların idman zamanı yeni zədələr almasına səbəb ola bilər. Daha ciddi hallarda isə kognitiv pozuntular, Parkinson və Alzheymer xəstəlikləri, motor neyron xəstəlikləri və xroniki travmatik ensefalopatiya kimi nevrodegenerativ problemlərlə nəticələnə bilər. “Peşəkar səviyyədə müəyyən protokollar olsa da bu qaydalar həmişə tam bərpanı təmin etmək üçün kifayət etmir. İcma və məktəb idmanlarında isə vəziyyət daha mürəkkəbdir, çünki burada oyunçuların peşəkar tibbi dəstəyə çıxışı məhduddur”, – deyə Bennett bildirir.
 
Araşdırma çərçivəsində tədqiqatçılar vurğulayırlar ki, qeyri-peşəkar idmançılar üçün oyuna qayıtma qərarları təkcə simptomların yoxluğu ilə deyil, həm də balans, yaddaş və koordinasiya kimi bacarıqların test olunması ilə dəstəklənməlidir. Bu məqsədlə fərdi reabilitasiya planlarının tətbiqi tövsiyə olunur. Avstraliya İdman İnstitutu qeyri-peşəkar oyunçular üçün oyuna ən azı 21 gün sonra qayıdışı tövsiyə edir. Lakin AFL və Reqbi kimi elit səviyyəli idmanlarda bu müddət minimum 12 gün olaraq müəyyən edilib. Bennett hesab edir ki, bu zaman çərçivələrinə baxmayaraq sarsıntıların icma və məktəb səviyyəsində necə qiymətləndirilməsi və idarə olunması hələ də qeyri-müəyyən qalır. Araşdırma, həmçinin göstərir ki, hətta peşəkar səviyyədə çalışan həkimlərin və məşqçilərin 60 faizdən çoxu oyunçular tərəfindən daha tez oyunlara buraxılmaları üçün təzyiq hiss etdiklərini, yarısından çoxunun isə məşqçilərdən geri çəkilmə ilə bağlı təzyiqlə üzləşdiklərini bildirir. “Biz anlayırıq ki, bütün idmançılar mümkün qədər tez meydançaya qayıtmaq istəyirlər. Lakin beyin sarsıntılarında diqqətli və fərdi yanaşma mütləqdir”, – deyə Bennett vurğulayır. Onun fikrincə, komanda klubları, məktəblər və ictimai idman qurumları oyunçuların rifahını prioritetə çevirmək üçün təlimatlandırılmalıdır.
 
Sonda o qeyd edir: “Beyin sarsıntısı məsələsində əsas məsələ təkcə idmana qayıdış deyil, uzunmüddətli beyin sağlamlığının qorunmasıdır”.








Redaktorun seçimi