ADPU-da “TəhsilPlus” kartı ilə bağlı fikir mübadiləsi aparılıb

Hit: 167
ADPU-da “TəhsilPlus” kartı ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəllimlərin sosial rifahının və iqtisadi imkanlarının artırılmasına dəstək məqsədilə istifadəyə veriləcək “TəhsilPlus” kartı ilə bağlı təqdimat xarakterli müzakirə görüşü təşkil olunub.
 
Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, professor-müəllim heyəti və struktur nümayəndələri iştirak edib.
 
Görüşü giriş nitqi ilə açan professor Fikrət Rzayev vurğulayıb ki, son illər ərzində təhsil sahəsində dövlət dəstəyi yeni mərhələyə qədəm qoyub. Prorektor qeyd edib ki, Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən “TəhsilPlus” kartı layihəsi, müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
 
Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova Fond tərəfindən icra olunan sosial-iqtisadi təşəbbüslər haqqında ətraflı məlumat verib. O, artıq tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartının uğurlu nəticələrindən bəhs edərək, təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartının da geniş spektrli üstünlüklər təqdim edəcəyini qeyd edib. X. Daşdəmirova bildirib ki, keçirilən bu cür müzakirə xarakterli görüşlər layihələrin daha da təkmilləşdirilməsi və hədəf auditoriyanın ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
 
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, kartın istifadəsi, funksionallığı və perspektivləri barədə suallar cavablandırılıb.
 
Qeyd edək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) tərəfdaşlığı ilə həyata keçirilir.








Redaktorun seçimi