ADNSU-da 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

Hit: 174
ADNSU-da 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Öncə dəyirmi masa ətrafında başlayan tədbir universitetin Akt zalında davam edib. Tədbirdə ADNSU-nun professor-müəllim heyəti və qonaqlarla yanaşı, universitetin müxtəlif strukturlarında çalışan müharibə veteranları, həmçinin ADNSU məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Alı Həsənlinin valideynləri və ailə üzvləri iştirak ediblər.
 
ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov çıxış edərək Azərbaycanın ordu quruculuğu tarixi barədə danışıb. O bildirib ki, bu gün Azərbaycan Ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə aparıcı ordular sırasındadır. E.İsmayılov həmçinin, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbədən bəhs edib və şəhid ailələrinə, qazilərə göstərilən yüksək ehtiramı xüsusi vurğulayıb.
 
Tədbirdə həmçinin ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Geoloji Kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev və ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxış edərək Azərbaycanda ordu quruculuğu, qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaət barədə danışıblar. Çıxışlarda universitetdə müharibə veteranlarına göstərilən diqqət və qayğı vurğulanıb, şəhid ailələri və qazilərin daim universitet kollektivinin diqqət mərkəzində olduğu qeyd edilib. Bildirilib ki, hər bir azərbaycanlı şəhidlərimiz və qazilərimizlə fəxr edir. Dosent Naməd Paşayev məzun şəhidimiz Alı Həsənli haqqında xatirələrini bölüşüb.
 
Tədbirdə şəhid Alı Həsənlinin atası Nofəl Həsənli çıxış edərək Azərbaycan Ordusunun gücündən və yenilməzliyindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
 
Sonra şəhid Alı Həsənlinin həyat və döyüş yolunu əks etdirən film nümayiş olunub.
 
Sonda tədbir iştirakçıları Azİİ e-Kitab Evində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitab sərgisi baxış keçiriblər.








Redaktorun seçimi