Paytaxt üzrə 1 550 fizika və informatika müəllimi sertifikatlaşdırma prosesinə dəvət olunub

Hit: 154
Paytaxt üzrə 1 550 fizika və informatika müəllimi sertifikatlaşdırma prosesinə dəvət olunub
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.
 
İyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan
 
1 550 təhsilverən (741 fizika, 809 informatika) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
 
Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri imtahan mərkəzinə gəlib, sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.
 
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilib. Cari ildə paytaxtda 4 500-dən çox müəllim sertifikasiyaya cəlb olunub.
 
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
 
Nəzərinizə çatdırırıq ki, test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.








Redaktorun seçimi