ADNSU-nun rektoru yay məktəbində iştirak edəcək UFAZ tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
Görüş zamanı rektor yay məktəbində iştirak imkanı qazanan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında Strasburq Universiteti, ADNSU və UFAZ-ın təhsil imkanları barəsində məlumat verərək bu kimi beynəlxalq proqramların tələbələrin elmi və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor həmçinin elmin dərindən mənimsənilməsinin və tədqiqat sahəsinə marağın artırılmasının vacibliyini qeyd edib.
Daha sonra tələbələr üçün sual-cavab sessiyası təşkil olunub. Rektor yay məktəbi, təhsil və tədrislə əlaqədar tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.
Qeyd edək ki, bu il UFAZ-ın 40 tələbəsi Fransada təşkil olunacaq yay məktəbində iştirak edəcək. Proqrama tədris müddəti ərzində ən yaxşı akademik nəticə göstərən 2 və 3-cü kurs tələbələri seçiliblər. Onlar iki həftə ərzində Strasburq Universitetinin müasir tələbə kampusunda iştirak edəcəklər.
Tələbələr proqram çərçivəsində əsrlərlə yaşı olan və müasir təhsil dünyasının standartlarına cavab verən universitetin atmosferini kəşf edəcəklər. Bu müddətdə dil kursları, danışıq klubları və Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslərin keçirilməsi nəzərdə tutulub. Tələbələr Strasburqun mədəni-tarixi məkanları ilə də tanış olmaq imkanı əldə edəcəklər.


