Rektor Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri ilə görüşüb

Hit: 163
Rektor Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri ilə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU rektoru Yaqub Piriyev Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları salamlayan rektor iki universitet arasında səmərəli əlaqələrin qurulmasını müsbət dəyərləndirib. BMU ilə PKTU arasında Kimya, Kompüter, Mexanika mühəndislikləri ixtisasları üzrə 2+2 modeli əsasında imzalanan ikili diplom müqaviləsindən irəli gələn bir sıra məqamlarla bağlı fikirlərini bölüşən rektor bu müqavilənin təhsil ocaqlarının təcrübələrinin paylaşılması, innovasiyalar üzrə bacarıqlı gənclərin yetişməsinə xidmət etdiyini deyib. Azərbaycanla Çinin dostluq, strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkən rektor Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu xatırladıb. Eyni zamanda iki universitet arasında başlanan əməkdaşlığın təhsil sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb. Gənc universitet kimi BMU-nun əldə etdiyi nailiyyətlərə də toxunan Yaqub Piriyev dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) ilk TOP 1000-ə daxil olan ali məktəbin 550 pillə irəlilədiyini bildirib.
 
Görüşdə ötən həftə İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 5 ali təhsil müəssisəsinin rəhbər şəxsləri ilə aparılan müzakirələrdən bəhs olunub. Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin qatıldığı həmin görüş zamanı BMU ilə PKTU-nun bu ildən icra edəcəyi ikili diplom proqramı da diqqət mərkəzində olub və qısa müddətdə belə bir proqramın ərsəyə gəlməsi təqdir edilib.
 
Nümayəndə heyətinin adından çıxış edən PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin sədri Li Qifang ilk dəfə Azərbaycana səfər etdiklərini deyib və Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, BMU ilə qurulan əməkdaşlığı olduqca yüksək qiymətləndirdiklərini söyləyərək əlaqələrin daha da inkişafında maraqlı olduqlarını vurğulayıb.
 
Görüşdə ikili diplom proqramından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi