Loğman Hekim Universitetinin nümayəndəsi ATU-nun qonağı olub

Azərbaycan Tibb Universiteti Türkiyənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədə davam etdirir
Bu əməkdaşlıq çərçivəsində Loğman Hekim Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin korporativ brend mütəxəssisi Damla Lafcı ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsində praktika keçib, bu strukturun fəaliyyəti ilə yaxından tanış olub.
Qonaqla görüşən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ona universitet, eləcə də beynəlxalq əlaqələrimiz haqqında geniş məlumat verib: “Hazırda Azərbaycan Tibb Universitetində 53 ölkədən 2600 əcnəbi tələbə və rezident təhsil alır. Bunlar sırasında Türkiyə, Pakistan, Böyük Britaniya, ABŞ, Rusiya, İsrail, Nigeriya, Banqladeş, Hindistan, İraq, İran, Suriya və s. ölkələri qeyd etmək olar. Universitetimizdə təhsil alan əcnəbilər arasında saya görə birinci yeri Türkiyədən olan tələbə və rezidentlər tutur. Qürurverici haldır ki, ATU əcnəbi təhsilalanların sayına görə ölkəmizdə birinci yerdədir”.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova universitetin fəaliyyətinin hərtərəfli işıqlandırılması, bu işdə müasir texnologiyalardan necə istifadə olunması, eyni zamanda sosial şəbəkələr istiqaməti haqda danışıb. Hər iki təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlıq istiqamətləri, birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Damla Lafcı tanışlıq üçün yaradılan şəraitə və qonaqpərvərliyə görə təşəkkür edib, nümayəndəsi olduğu universitet, tədris prosesi haqqında məlumat verib. Bildirib ki, hazırda Loğman Hekim Universitetində 4015 tələbə təhsil alır.
Görüşün sonunda qonağa sertifikat verilib.
Qeyd edək ki, 3 günlük praktika ərzində D.Lafcı universitetin orqanı olan “Təbib” qəzetinin redaksiyasına, Anatomiya muzeyi, simulyasiya mərkəzlərinə baş çəkib, eləcə də Bakını gəzib.


