50-yə yaxın maarifləndirmə tədbiri keçirilib

Hit: 160
50-yə yaxın maarifləndirmə tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin yanvar - may ayları ərzində Bakı və bölgələrdə işəgötürənlər üçün 50-yə yaxın maarifləndirmə tədbiri təşkil olunub.
 
Bu tədbirlərin 15-i işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilib. Eyni zamanda, İnsan Hüquqları Aylığı çərçivəsində ümumi təhsil müəssisələrində uşaqların əmək hüquqlarına dair 6 maarifləndirmə tədbiri təşkil olunub. Bundan əlavə, Nazirliyin digər alt qurumları və rayon icra hakimiyyətləri ilə birgə Oğuz və Ağdaş rayonlarında 2 irihəcmli regional tədbir təşkil olunub, ASAN İnnovativ İnkişaf Mərkəzi ilə də 2 birgə tədbir keçirilib.
 
Ümumilikdə 4100 nəfərin iştirak etdiyi bu maarifləndirmə tədbirlərində əmək qanunvericiliyindəki son dəyişikliklər, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əməyin mühafizəsi qaydaları, yeni qəbul olunmuş standartlar, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti haqqında geniş məlumatlar təqdim olunub.
 
Eyni zamanda Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatından da bəhs olunub. Bu hesabata uyğun olaraq yol xəritəsi üzrə qanunvericiliyinin təkmilləşdirlməsi sahəsində görülən işlər barədə məlumat verilib.
 
Bildirilib ki, Dünya Bankı Qrupunun “Business Ready” reytinqi çərçivəsində ölkələrdə biznes mühitinin hüquqi və inzibati çərçivəsi qiymətləndirilir və bu kontekstdə əmək qanunvericiliyi, işçilərin hüquqları və işəgötürmə prosedurlarının sadəliyi əsas meyarlar sırasındadır. Ölkəmizin bu reytinqdə mövqeyinin yaxşılaşdırılması məqsədilə əmək münasibətlərinin tənzimlənməsi, bərabərlik prinsiplərinin gücləndirilməsi, əməyin mühafizəsi və məcburi əməyin qarşısının alınması sahəsində mühüm qanunvericilik və institusional islahatlar həyata keçirir.
 
“Business Ready” çərçivəsində uşaq əməyinin və məcburi əməyin qadağan olunması, əmək müqavilələrinin şəffaf və sərbəst şəkildə bağlanması, sosial sığorta və təhlükəsiz əmək şəraiti kimi məsələlər xüsusi qiymətləndirmə komponentləridir və Azərbaycan bu istiqamətlərdə beynəlxalq standartlara uyğunlaşmanı təmin edir.
 
Tədbirlərin sonunda iştirakçıların müvafiq sualları cavablandırılıb. Qeyd edək ki, ilin sonuna qədər müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.








Redaktorun seçimi