32 ölkədən QHT-lərin iştirakı ilə Almaniyada tədbir - FOTOLAR

Bu gün Qlobal Cənub QHT Platforması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbir keçirib.
Qlobal Cənub QHT Platformasının müvəqqəti baş katibi Ramil İskəndərli bildirib ki, 32 ölkədən 47 QHT təmsilçisinin, iqlim fəallarının bu toplantıya qatılması Platformanın elan etdiyi “Bakı prosesi”nin davamıdır. O, qlobal təklənməyə qarşı birləşmə texnikası kimi Qlobal Cənub QHT Platformasının mühüm əhəmiyyətini qeyd edib. R.İskəndərli COP29-un qalıcı töhfəsi kimi Platformanın ilk yan tədbirinin məhz dünyanın iqlim mərkəzi olan Bonnda keçirilməsinin rəmzi mahiyyət daşıdığını da vurğulayıb.
Daha sonra panel müzakirələri keçirilib. Müzakirələrdə iqlim böhranının təsirlərinə qarşı Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün əzmlə çalışmasına diqqət çəkilib.
Qeyd olunub ki, bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsız mühitidir, Platforma bu etimad quruculuğu işinə mühüm töhfə verə bilər.
Platforma Katibliyinin əməkdaşı Nədimə Rəhimlinin moderatorluğu ilə baş tutan müzakirələrdə UNFCCC-nin iqlim uyğunlaşması üzrə təmsilçisi, Afrika və Qlobal Cənub üzrə siyasət tədqiqatçısı Soha Bençekrun (Soha Benchekroun), ARROW təşkilatının Asiya-Sakit okean regionu üzrə Proqram direktoru Menka Qundan (Menka Goundan), “Gender Hub Azerbaijan” İctimai Birliyinin sədri Məryəm Məcidova, az inkişaf etmiş ölkə universitetlərinin İqlim Dəyişmələri Konsorsiumunun rəhbəri, COP29 Elmi Şurasının üzvü Professor Mizan R.Xan (Mizan R. Khan), “Qadın İnkişaf və Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova spiker qismində çıxış ediblər.
Spikerlər Azərbaycanın COP29 çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə az inkişaf etmiş ölkələrə, ada dövlətlərinə dəstəyini alqışlayıblar.
Panel iştirakçıları Bakının Qlobal Cənub QHT-lərinin mövqelərinin möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslı və konstruktiv dialoq üçün ilkin şərtlər yaratmasını yüksək qiymətləndiriblər. Bir da inam ifadə edilib ki, bu Platforma beynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferi və iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli format olacaq.
Sessiyanın sonunda çıxışçılar gender bərabərliyi məsələsinə dair fikirlərini bölüşərək, bu mövzunun gələcək əməkdaşlıq və birgə fəaliyyətin əsas istiqamətlərindən biri olacağını bildiriblər.
Tədbir zamanı Qlobal Cənub QHT Platformasının təsis konfransının videoçarxı da nümayiş etdirilib. Xarici QHT-lər Qlobal Cənub QHT Platforması ilə sıx tərəfdaşlığa görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.


