Niyazi Bayramov Gəncə Regional Turizm İdarəsinə yeni təyin olunmuş rəisi ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Regional Turizm İdarəsinə yeni təyin olunmuş rəis Fariz Qarayevlə görüş keçirib.
Görüş zamanı Gəncə şəhərinin turizm potensialı, bu sahədə həyata keçirilən tədbirlər və gələcək planlar müzakirə olunub. Fariz Qarayev Gəncədə keçiriləcək MDB İdman Oyunları çərçivəsində Regional Turizm İdarəsinin üzərinə düşən vəzifələr və həyata keçiriləcək işlər barədə şəhər rəhbərliyinə məlumat verib. O bildirib ki, oyunlarla əlaqədar yaradılmış işçi qrupu tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən 16 yerləşmə müəssisəsində monitorinqlər aparılıb. Həmçinin, 13 hotellə bağlı ulduzlaşma prosesinə dair Dövlət Turizm Agentliyi və Gəncə Regional Turizm İdarəsinin mütəxəssislərinin iştirakı ilə audit həyata keçirilib.
Görüşdə qeyd olunub ki, Gəncə şəhərinin və Qərb regionunun turizm xəritəsi həm kağız, həm də QR kodla əldə edilə bilən rəqəmsal formatda turistlərə təqdim olunacaq. Qısa və uzunmüddətli turizm marşrutları hazırlanacaq, bu marşrutlara dair ətraflı məlumatlar şəhərdə fəaliyyət göstərən turizm şirkətlərinə təqdim ediləcək və turizm informasiya köşkləri vasitəsilə turistlərə çatdırılacaq.
Əlavə olaraq, Gəncə şəhəri ilə bağlı hazırlanmış videoçarxların şəhər meydanında yerləşən böyük monitorlarda nümayişi planlaşdırılır. Videoçarxlar, turizm xəritələri və marşrutlar Gəncə Şəhər İcra Hakimiyyətinin veb-saytında və rəsmi sosial şəbəkə hesablarında da işıqlandırılacaq.
Eyni zamanda, bələdçilərin müəyyən edilməsi, təlimləndirilməsi və turizm şirkətləri ilə hotellərlə əlaqələndirilməsi istiqamətində görüləcək işlər barədə də məlumat verilib. GəncəSənət sərgi-satış yarmarkasının təşkili də nəzərdə tutulduğu qeyd olunub.
Sonda Niyazi Bayramov Fariz Qarayevə tapşırıq və tövsiyələrini verərək, ona fəaliyyətində uğurlar arzulayıb.


