Tədris digər dildə aparılan bölmə üzrə məktəb və müəllim seçimi

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi davam edir.
Tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil almayan və tədris digər dildə aparılan bölmə üzrə müsahibədə uğur qazanmış uşaqların valideynlərinə 17 iyun 2025-ci il saat 11:00-dan məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi imkanı yaradılıb.
Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə məktəblərə şagird qəbulu ilkin olaraq prioritetə (üstünlük hüququ) əsasən aparılır. Prioritet üzrə (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) valideynlər ilk növbədə müəyyən edilmiş müddətdə (17 iyun-17 iyul 2025-ci il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.
İyulun 17-dən sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Onu da qeyd edək ki, 25 iyun saat 18:00-a kimi İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin tədris digər dildə aparılan bölməsi üzrə seçim prosesi aparılacaq. Bu məktəblərə prioritetlərə uyğun üstünlüyü olan uşaqlar üçün məktəb seçimi, prioritetə malik olmayan uşaqlar üçün isə qəbul üzrə müsabiqəyə qeydiyyat prosesi həyata keçirilir.


