Neftçalada 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub - FOTOLAR

Hit: 275
Neftçalada 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub - FOTOLAR
17 iyun 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Tibb İşçiləri Günü münasibətilə bayram tədbiri keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının rəhbəri İlqar Qurbanov, YAP Neftçala rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, xəstəxanada çalışan şəhid ailə üzvləri, səhiyyə müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, tibb işçiləri iştirak ediblər. 
Bayram tədbirindən əvvəl Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərində ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Bayram tədbirini giriş sözü ilə açan Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elman Quliyev qonaqları salamlayaraq, onların iştirakını tibbi sahədə çalışan və öz peşəsinə sədaqəti ilə seçilən həkimlərin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi, hər il ölkə səhiyyəsində qazanılan yeni-yeni uğurlardan söz açdı və əldə olunan nailiyyətlərə, diqqət və qayğıya görə tibb kollektivi adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlığını bildirdi. 
 
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tibbi personalı peşə bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, müasir Azərbaycanın inkişafında insan kapitalı əsas prioritetlərdən biridir. Bildirildi ki, Ulu Öndərin həyata keçirdiyi islahatları uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təkcə paytaxt Bakıda deyil, bölgələrdə də müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təminatı, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləndirilməsi daim diqqət mərkəzindədir. Ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, təhsil, səhiyyə və mədəniyyətimizin qayğıkeş hamisi Mehriban xanım Əliyevanın cəmiyyətimizin həssas təbəqələrinə, o cümlədən diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və diqqət, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması sahələrində gördüyü əvəzsiz xidmətləri səhiyyə sahəsinin davamlı inkişafını şərtləndirən amillərdən biridir. Vətəndaşların sağlamlığı naminə fədakarcasına xidmət göstərən tibb işçilərinin fəaliyyətini əsl humanist missiya adlandıran RİH-nin başçısı onların əməyini yüksək qiymətləndirərək təşəkkürünü bildirdi. 
Digər çıxış edənlər- Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov, İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyinin Cəlilabad Regional filialının rəhbəri İlqar Qurbanov, Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasının baş həkimi, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Şurasının sədri Nəcibə Abdullayeva, Təcili tibbi yardım şöbəsinin müdiri Füzuli Mehdiyev, veteran həkim Çingiz Dadaşov ölkəmizdə tibb sahəsində aparılan islahatların əhəmiyyətindən, bu islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat, kadr hazırlığı və görülən digər məqsədyönlü tədbirlər  nəticəsində əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasından danışıbar.
 
Çıxışlardan sonra iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçilərinə Neftçala Rayon İcra Hakimiyyəti başçısının və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.
 
Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili proqram ilə davam etdirilib.
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi