ADNSU Sinqapurda keçirilən “QS EduData 2025” sammitində təmsil olunub

Hit: 155
ADNSU Sinqapurda keçirilən “QS EduData 2025” sammitində təmsil olunub
Azərbaycan nümayəndə heyəti Sinqapurda keçirilən “QS EduData 2025” sammitində iştirak edib. “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkil etdiyi sammitdə Azərbaycan nümayəndə heyətinin tərkibinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Dövlət Universitetinin təmsilçiləri daxil olub.
 
Beynəlxalq tədbirdə məlumat əsaslı təhsil idarəçiliyi, “Smart recruitment” strategiyaları strategiyaları, akademik performansın analizi və tədris–öyrənmə prosesində yeni metodların tətbiqi kimi mövzularda müzakirələr aparılıb.
 
Sammitdə 42 ölkədən təxminən 300 iştirakçı yer alıb. ADNSU-nu universitetin beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova təmsil edib.
 
Tədbir çərçivəsində həmçinin, böyük verilənlər (big data), analitik yanaşmalar və rəqəmsal strategiyaların təhsil sahəsində effektiv tətbiqi müzakirə olunub. Sammit ADNSU üçün beynəlxalq məlumat idarəetmə təcrübəsinin təkmilləşdirilməsi və QS reytinqində mövqeyinin gücləndirilməsi istiqamətində strategiyaların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
 
Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti QS agentliyinin Sinqapur regional ofisində təşkilatın rəhbər heyəti ilə görüş keçirib. Görüşdə QS-in baş vitse-prezidenti Ben Sauter, regional direktor Sergey Xristolyubov və qlobal strateji tərəfdaşlıqlar üzrə direktor Monika Hornung Kattan iştirak ediblər. Tərəflər Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması imkanlarını müzakirə ediblər.








Redaktorun seçimi