Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanılıb

Hit: 206
Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.
 
İdarədən Faktor.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, M. Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.
 
Toplanılmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə M. Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda, 15 sutka inzibati qaydada həbs olunub.
 
BDYPİ sürücülərə bir daha çağırış edir: “Yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Qaydalardan kənar davranışlar təhlükə yaradır və hüquqi məsuliyyət doğurur. Hər kəsi diqqətli olmağa və yolda nümunəvi davranış sərgiləməyə dəvət edirik. Unutmayaq ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir!”.








Redaktorun seçimi