“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” geniş elmi təqdimatlarla davam edir

Hit: 140
“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” geniş elmi təqdimatlarla davam edir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tərəfindən təşkil olunan “UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” adlı elmi konfrans uğurla davam edir.
 
İyunun 4-də baş tutan tədbirin ikinci günü yerli və xarici alimlərin iştirakı ilə elmi məruzələr, paralel sessiyalar və poster təqdimatları ilə yadda qalıb. Bu gün də iştirakçılar üçün elmi biliklərin mübadiləsi və beynəlxalq əməkdaşlıqların qurulması baxımından əhəmiyyətli olub. Tədbirdə iştirakçılar kimya mühəndisliyi, material elmləri və proseslərin idarə olunması sahələrində aparılan son tədqiqatlarla tanış olmuş, həmçinin xarici professorların təqdim etdiyi elmi çıxışları dinləmişlər.
 
Konfrans çərçivəsində ADNSU-nun Kimya Texnologiyası fakültəsinin professor-müəllim heyəti ilə xarici alimlər arasında görüş keçirilib. Görüşdə əsasən nanotexnologiyalar sahəsində mümkün tədqiqat imkanları, elmi əməkdaşlıq perspektivləri və doktorantların xaricdə tədqiqat işlərinə cəlb olunması məsələləri müzakirə olunub.
 
İştirakçılar konfransı elmi əməkdaşlıq, innovativ tədqiqatların mübadiləsi və gənc tədqiqatçıların dəstəklənməsi baxımından mühüm platforma kimi dəyərləndiriblər.
 
Qeyd edək ki, konfrans iyunun 6-da keçiriləcək yekun iclas və sertifikatların təqdimatı ilə başa çatacaq.








Redaktorun seçimi