İmtahanlarla bağlı universitetin rəhbər heyəti ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının başlanması və Dövlət Buraxılış İmtahanlarının keçirilməsi ilə əlaqədar olaraq, rektor, professor Gəray Gəraybəyli universitetin rəhbər heyətilə görüşüb.
Görüşdə universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov, dekanlar və imtahan komissiyasının sədrləri iştirak edib. Rektor G.Gəraybəyli imtahanın gedişi, hazırlıq işləri və digər məsələlərlə maraqlanıb, tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində ədalət prinsipinin qorunmasının vacibliyini vurğulayıb. O, hansısa tələbəyə şişirdilmiş qiymət verməklə digər tələbələrin haqqına girilməməsini, humanist prinsiplərin əsas tutulmasını tövsiyə edərək, imtahanla bağlı lazımi tapşırıqlarını verib.
Tədris departamentinin rəhbəri K.Yaqubov bildirib ki, Müalicə-profilaktika fakültəsinin tələbələri Bakı Sağlamlıq Mərkəzinin (BSM) Simulyasiya Mərkəzində 3 bacarıq imtahanı verəcək: “İmtahanlar bu ayın 10-dan başlayacaq, 24-dək davam edəcək. İmtahanların ikinci mərhələsi isə test formasında keçiriləcək, 50 ballıq sistemlə qiymətləndiriləcək”. Departament rəhbəri Hərbi tibb fakültəsi kursantlarının iki bacarıq imtahanlarının da BSM-də baş tutacağını bildirib.
Professor G.Gəraybəyli bacarıq imtahanlarının Bakı Sağlamlıq Mərkəzində keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, praktik təlim və əldə edilmiş bilik və bacarıqların səviyyəsinin qiymətləndirilməsi üçün mərkəz ən müasir texnologiyalara malikdir: “Ötən il tələbələrdən Bakı Sağlamlıq Mərkəzindəki nəticələrinə əsasən fərqlənmədən çıxanlar olmuşdu. Dəfələrlə təkrar imtahan keçirilməsi üçün müraciət etsələr də, buna yol verilmədi. Biliklərin praktik cəhətdən BSM-də yoxlanılması müsbət haldır. Həm də orada imtahan götürənlər Tibb Universitetinin müəllimləri deyil. Çox yaxşıdır ki, heç kim imtahanlara müdaxilə edə bilmir, biliklər şəffaf şəkildə dəyərləndirilir. Elə bizim əsas məqsədlərimizdən biri də tələbələrin təkcə nəzəri deyil, həm də praktik biliklərə dərindən yiyələnməsidir”.


