Nürgüt kəndində vətəndaş müraciətləri dinlənilib - FOTOLAR

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 2025-ci il iyun ayının 3-də Xurs kənd İnzibati Ərazi Dairəsinin tərkibinə daxil olan Nürgüt kəndində səyyar qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini birbaşa dinləmək və qaldırılan məsələlərin yerində həllinə nail olmaq məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Faktor.az xəbər verir ki, səyyar qəbul zamanı çıxış edən icra başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji islahatlar nəticəsində ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoyub, xüsusilə bölgələrdə əhəmiyyətli infrastruktur layihələri icra olunub, kəndlər müasir tələblərə cavab verən xidmətlərlə təmin edilib.
İcra başçısı çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən də bəhs edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020 və 2023-cü illərdə parlaq Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edib, uzun illər işğal altında qalmış torpaqlarımız azad olunub. Çıxışda həmçinin azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinə də toxunulub. Qeyd olunub ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur qurulur, yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Dövlətin həyata keçirdiyi "Böyük Qayıdış" proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilib və bu proses mərhələli şəkildə davam etdirilir.
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan danışan icra başçısı vurğulayıb ki, bu gün Azərbaycan dünya birliyində etibarlı tərəfdaş, prinsipial və qətiyyətli dövlət kimi tanınır. Qlobal enerji təhlükəsizliyi, nəqliyyat layihələri və humanitar təşəbbüslər sahəsində ölkəmizin rolu durmadan artır. O, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında Prezident İlham Əliyevlə keçirdikləri üçtərəfli görüşə toxunaraq bu hadisənin simvolik və strateji əhəmiyyətini önə çəkib. Qeyd olunub ki, bu tarixi görüş dost və qardaş dövlətlər arasında siyasi həmrəyliyin təzahürü olmaqla bərabər, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin sülh, sabitlik və əməkdaşlıq mərkəzinə çevrilməsinin bariz nümunəsidir.
Çıxış zamanı Türk dünyası ilə əlaqələrə, eləcə də Zəngəzur dəhlizinin əhəmiyyətinə xüsusi yer ayrılıb. Bildirilib ki, bu dəhlizin açılması təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsinin qurulması deyil, eyni zamanda bütün regionun geoiqtisadi mənzərəsini dəyişəcək mühüm strateji layihədir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək, türk dünyasını birləşdirəcək və regional əməkdaşlığa yeni imkanlar yaradacaq.
Görüşdə “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçiriləcək layihələr barədə də danışılıb. Yol infrastrukturunun yenilənməsi və məşğulluq imkanlarının artırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu proqram regionun sosial-iqtisadi inkişafına təkan verəcək və müxtəlif sahələrin dinamik inkişafını təmin edəcəkdir. Qəbul zamanı rayon ərazisində mədən sənayesinin yenidən dirçəldilməsi, turizmin inkişaf etdirilməsi, eləcə də ipəkçilik və konserv istehsalı müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində görüləcək tədbirlər də qeyd olunub.
Daha sonra sakinlərin kəndin ümumi problemləri ilə bağlı müraciətləri dinlənilib. Səsləndirilən məsələlər – məşğulluq, səhiyyə, yol, elektrik və digər sahələrlə bağlı problemlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb və həlli üçün konkret tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.


