AzTU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində bu ölkənin bir sıra ali təhsil müəssisələri ilə görüşlər keçirib.
Səfər zamanı Əndican şəhərində keçirilmiş "Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər" mövzusunda Birinci Rektorlar Forumu çərçivəsində AzTU ilə Əndican Dövlət Universiteti, Termiz Dövlət Mühəndislik və Aqrotexnologiya İnstitutu, Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu Milli Tədqiqat Universiteti, Fərqanə Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universiteti kimi ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. İmzalanan sənədlər elm, təhsil, tələbə-müəllim mübadiləsi və birgə layihələrin həyata keçirilməsini əhatə edib.
Səfər çərçivəsində AzTU nümayəndə heyəti Daşkənd şəhərində Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Milli Tədqiqat Universteti, Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunu və Daşkənd Perfect Universitetlərini ziyarət edərək əməkdaşlıq imkanları haqqında müzakirələr aparıb. Görüşlər zamanı Daşkənd Dövlət Nəqliyyat Universiteti və Daşkənd Perfect Universiti ilə əməkdaşlıq müqavilələri imzalanıb.
Qeyd edək ki, rektorun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil olunub.


