Əməyin Mühafizəsi Mərkəzi tərəfindən nümunəvi müəssisəyə növbəti infotur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi tərəfindən əməyin mühafizəsi ilə bağlı “Azerfloat” QSC-də növbəti infotur təşkil edilib.
İnfoturda Abşeron-Xızı regionunda fəaliyyət göstərən 12 müəssisənin əməyin mühafizəsi üzrə müvafiq nümayəndəsi iştirak edib.
İnfoturun keçirilməsinin əsas məqsədi iştirakçılara əməyin təhlükəsizliyi sisteminə dair əyani tanışlıq imkanı yaratmaq və praktik məlumatların təqdim edilməsindən ibarətdir.
Giriş təlimatını dinlədikdən sonra iştirakçılara müəssisə haqqında ətraflı məlumat verilib. Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili Mərkəzin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri barədə danışıb. O, müəssisələrdə əməyin mühafizəsi üzrə norma, standart və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb, eləcə də yeni qəbul edilmiş standartlar barədə məlumatı diqqətə çatdırıb.
Daha sonra istehsalat prosesi izlənilib və qonaqlara proseslərin təhlükəsizliyi, bu istiqamətdə görülən tədbirlər barədə geniş məlumat verilib.
Qeyd edək ki, Əməyin Mühafizəsi Mərkəzi müəssisələrdə əməyin mühafizəsi norma və qaydalarının təmin edilməsi, həmçinin bu sahədə sistemli idarəetmənin qurulması məqsədilə əməkdaşlıq fəaliyyətlərini davam etdirir. Mərkəz ilə “Azerfloat” QSC arasında imzalanmış əməkdaşlıq sənədi bu istiqamətdə ilk layihədir. Layihə çərçivəsində şirkətdə əməyin mühafizəsi normaları, standartları və qaydalarının tətbiqi, işçilərin bu sahədə təlimatlandırılması və risklərin idarə olunması üzrə birgə işlər həyata keçirilib. Nəticədə müəssisədə işçilər üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində nümunəvi iş şəraitinin yaradılması təmin edilir.


