ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb

2025/2026-cı tədris ili üzrə Azərbaycan Dənizçilik Kollecinin (ADK) məzunlarına Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) imtahansız qəbul imkanı yaradılacaq. Yeni qaydalara əsasən, hazırda dənizçilik sahəsində çalışan ADK-nı bitirmiş şəxslər “Dəniz naviqasiyası mühəndisliyi” üzrə 35, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” üzrə isə 25 yerə yalnız ümumi orta müvəffəqiyyət göstəriciləri əsasında qəbul oluna biləcəklər. Qəbul yalnız ödənişli əsaslarla və qiyabi formada həyata keçiriləcək.
Yeni qəbul qaydası ilə yanaşı, ADDA-nın 2025/2026-cı tədris ili üzrə ümumi plan yerləri də açıqlanıb.
Akademiyaya “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə Azərbaycan dilində 75, rus dilində 15 və ingilis dilində 30 yer ayrılıb. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında isə Azərbaycan dilində 75, ingilis dilində 25 nəfərin qəbulu planlaşdırılır. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında isə yalnız Azərbaycan dili üzrə tədris aparılacaq və hər bir ixtisas üçün 35 yer ayrılıb.
Beləliklə, növbəti tədris ilində Akademiyanın bakalavriat pilləsinə ümumilikdə 350 tələbə qəbulu nəzərdə tutulub.
Qeyd edək ki, ADDA-ya qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi I ixtisas qrupu (RK altqrupu) üzrə imtahanların nəticələrinə əsasən aparılır və əlavə qabiliyyət imtahanı tələb olunmur.
Akademiyada təhsil alan tələbələrə pulsuz dərs vəsaitləri, geyim forması, həmçinin ehtiyac olduqda güzəştli şərtlərlə yataqxana təminatı təqdim edilir.
Dənizləri bizimlə fəth etmək istəyənlərin yolunu ADDA-da gözləyirik və bütün abituriyentlərə uğurlar arzulayırıq!


