“Yol hərəkəti qaydalarını öyrənək!” yarışmasının qalibləri mükafatlandırıldı

Ötən gün Bakı Şəhər DYP İdarəsində paytaxt məktəblərini təmsil edən 17 komanda arasında “Yol hərəkəti qaydalarını öyrənək!” devizi altında yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair keçirilmiş yarışın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə paytaxtda təhsil alan şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını yoxlamaq, onların bu sahəyə marağını artırmaq məqsədilə keçirilmiş yarışda qalib komandalar müvafiq diplom və hədiyyələrlə təltif edilib.
Eyni zamanda, təhsil müəssisələrində yol hərəkəti qaydaları üzrə bilik və bacarıqların tədrisi sahəsində uğurlu nəticələr əldə etmiş pedaqoji heyətə də diplom və təşəkkürnamələr verilib.


