Mingəçevirdə əmək münasibətləri və iş yerlərində təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevirdə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, ictimai birliklərin nümayəndələri ilə yanaşı, Mərkəzi Aran regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 70-ə yaxın şəxs iştirak edib.
Aran regional şöbəsinin əməkdaşları Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəmadi keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, əmək qanunvericiliyinə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbir çərçivəsində müzakirə olunan mövzuların aktuallığı və önəmi işəgötürənlərin diqqətinə təqdim edilib.
İşəgötürənlərə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin Qərarının mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, özəl sektor üzrə əmək müqavilələrinin elektron formaya keçirilməsi prosesi artıq yekunlaşmaq üzrədir.
Tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı təqdim olunub. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlər barədə məlumatlar verilib.
Sonda iştirakçıların müvafiq mövzular üzrə sualları cavablandırılıb və müzakirələr aparılıb.


