ADNSU-nun 5 tələbəsi Türkiyədə beynəlxalq təcrübə proqramında iştirak edəcək

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində keçirilən “Yaşıl Dönüşüm və Dayanıqlı Təhsil” mövzusunda 5 günlük beynəlxalq təlim proqramı başa çatıb.
Təlimin rəsmi bağlanış mərasimində ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, universitetin dekanları, TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik, koordinator müavini Kürşat Özdemir, Türkiyədən dəvət olunmuş ekspert təlimçilər Savaş Gurdal və Kadir Yılmaz, həmçinin proqram iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən universitet və TİKA rəsmiləri bu təşəbbüsün iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa verilən töhfə kimi dəyərləndiriblər. Onlar iştirakçı tələbələrin yaşıl texnologiyalar, enerji transformasiyası və iqlim dəyişiklikləri sahəsində qazandıqları biliklərin tətbiq imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda, təlim proqramının ADNSU-nun beynəlxalq layihələrdə iştirakına və ekoloji davamlılıq, iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində atdığı strateji addımlara mühüm töhfə verəcəyi bildirilib.
Bağlanış mərasimində təlim proqramını uğurla tamamlayan 30 seçilmiş tələbəyə sertifikatlar təqdim olunub. Həmçinin, 5 nəfər tələbə – Seymur Namazov (Neft-qaz mühəndisliyi - SABAH, Qaz-neft mədən fakültəsi), Əminə Vəliyeva (Kompüter mühəndisliyi- SABAH, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi), Sevil Rəhimova (Kimya mühəndisliyi-Kimya texnologiya fakültəsi), İlkanə Hacıbalayeva (Fövqəladə hallarda texnoloji proseslərin təhlükəsizliyi-Qaz-neft Mədən fakültəsi), Zemfiraxanım Nəsirli (Neft-qaz mühəndisliyi-(UFAZ)
Türkiyədə beynəlxalq təcrübə proqramında iştirak etmək hüququ qazanıblar.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, təlimlər ADNSU-da Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) koordinasiyası və TİKA-nın dəstəyi ilə, Avropa Yaşıl Müqaviləsi və qlobal iqlim çağırışlarına uyğun olaraq “yaşıl yaxalı” kadrların hazırlanmasına yönəlmiş beynəlxalq təşəbbüs çərçivəsində həyata keçirilib.


