İnsan hüquqları: bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət

Hər il iyunun 18-də Azərbaycanda İnsan Hüquqları Günü qeyd olunur. Bu gün insan hüquqlarına verilən ali dəyərin, vətəndaşların hüquq və azadlıqlarına hörmətin, onların müdafiəsinin və dəstəyinin simvoludur. Müstəqil və demokratik bir ölkənin vətəndaşları olaraq, biz insan haqlarının qorunduğu, hörmətlə yanaşıldığı bir dövlət mühitində yaşamaqdan qürur duyuruq.
İnsan hüquqları – sadəcə hüquqlar deyil, həm də bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət prinsiplərinə sadiqliyin ifadəsidir. Hər bir fərd ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı və təhsil kimi fundamental hüquqlara sahibdir. Bu hüquqlar bütün insanlara bərabər şəkildə aiddir, onların heç biri bölünməz və alına bilməz.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda əsaslı şəkildə təsbit olunmuşdur. Konstitusiyamızın üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu sənəd ölkəmizdə hüquqi və demokratik sistemin möhkəmlənməsində bünövrə rolunu oynayır.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” insan hüquqlarının qorunması sahəsində yeni mərhələ açdı. Eyni zamanda, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 18 iyun Azərbaycanda rəsmi olaraq İnsan Hüquqları Günü elan edildi. Bu, ölkəmizdə insan hüquqlarının təminatına verilən əhəmiyyətin göstəricisidir. Sərəncamda Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və dahi şəxsiyyətin insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdiyi bildirilir.

2002-ci ildə isə Dövlət Proqramı əsasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilib.
Ölkəmizdə təhsil dünyəvi və fasiləsiz xarakter daşıyır
İnsan hüquqlarından danışırıqsa, təbii ki, bu zaman təhsil almaq hüququna da geniş toxunmalıyıq. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Təhsilalanların (tələbələrin, şagirdlərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna və digər normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsil alanların və təhsil verənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ ilə bağlı deyilir:
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. Məlumat üçün bildirək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisəsləri fəaliyyət göstərir.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təhsilalanların hüquqları aşağıdakılardır:
*qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
*təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək;
*mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
*ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
*təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
*müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
*elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
*fasiləsiz təhsil almaq;
*həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
*şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
*müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
*dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
*dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
*təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
*təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək,
*"Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq və sair...

Bundan başqa, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaq hüququ da vardır. Vətəndaşlarımızın xarici ölkələrdə təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisasını artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
Böyüməkdə olan gənc nəslin yüksək təhsil alması, xalqına layiq vətəndaş kimi formalaşması,həmçinin təhsil sahəsində vətəndaş məmnunluğunu təmin etmək üçün Elm və Təhsil Naziliyi tərəfindən bir sıra layihələr reallaşdırılır.
Göründüyü kimi ölkəmizdə hər bir vətəndaş keyfiyyətli təhsil almaq hüququna malikdir.


