Hərbi tibb fakültəsinin 25 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Mayın 26-da Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri -2025” adlı elmi-praktik konfrans keçirilib
Konfransda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu ehtiramla yad edilib. Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün söz ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə verilib. Professor qonaqları salamlayaraq, Hərbi tibb fakültəsinin fəaliyyəti və keçdiyi şərəfli yol barədə konfrans iştirakçılarına ətraflı məlumat verib: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması üçün bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da özünün layiqli töhvələrini verib. Bu töhfələrdən biri də onun yaratdığı Hərbi tibb fakültəsidir.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi Ulu Öndərin 25 may 2000-ci ildə imzaladığı 425 saylı Sərəncama əsasən yaradılıb. Fakültənin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi həkim, feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir”.
Rektor, həmçinin hərbi həkimlərin savadlı və bacarıqlı mütəxəssislər kimi necə yetişməsi, yüksək səviyyədə təhsillərini davam etdirməsi üçün onlara dövlətimiz tərəfindən yaradılan hər cür şərait, ikipilləli təhsil sistemi, Gülhanə Təhsli və Araşdırma Xəstəxanasında keçdikləri rotasiya və s. barədə məlumat verib: “Hazırda fakültənin rezidentura kursunda 21 ixtisas üzrə 125 rezident, hərbi həkim hazırlığı kursunda 356, feldşer hazırlığı kursunda 194 nəfər hazırlıq alır. Rezidentura təhsili alan sonuncu kurs həkimlərimizdən 9 nəfər Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında, 4 nəfər isə Ege Universitetinin klinkasında rotasiya alır. Keçən il 400-dən çox bal toplayaraq Hərbi tibb fakültəsinə 87 nəfər, bir o qədər də feldşer hazırlıq kursuna qəbul olub.
Hərbi həkim işi ixtisası üzrə 40 kursant dövlət imtahanlarını müvəffəqiyyətlə verib və onlara tibb xidməti leytenantı hərbi rütubəsi verilib”.
Rektor, fakültə tələbələrinin həm koronavirus dönəmində, həm də 44 günlük vətən müharibəsi zamanı göstərdikləri əzmkar fəaliyyətlərindən və qəhrəmanlıqlarından da danışıb. Yaralı hərbçiləri döyüş meydanından çıxaran zaman 14 məzunun şəhid olduğunu qeyd edib. Tələbə və rezidentlərin apardığı elmi-araşdırmalar, konfranslara təqdim olunan məruzələr, beynəlxalq konfrans və olimpiadalarda qazandıqları uğurlara da diqqəti çəkib.
Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov isə öz çıxışında rəhbərlik etdiyi universitetin hərb sahəsində hazırladığı kadırlardan, qazandığı uğurlardan söhbət açıb. Dövlətimizin süverenliyi və təhlükəsizliyinin qorunmasında ordumuzun əsas dayaqlardan biri olduğunu qeyd edib: “Müstəqil dövlətimizin suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında əsas dayaqlardan biri güclü və dövrün tələblərinə cavab verən Silahlı Qüvvələrin formalaşdırılmasıdır. Bu itiqamətdə hərbi təhsil sistemi milli təhlükəsizliyin mühüm strateji komponentlərindən biri kimi çıxış edir. Bu istiqamətdə həm Milli Müdafiə Universitetinin, həm də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin üzərinə mühüm vəzifələr düşür”.
General-mayor, hələ 1971-ci ildə sovetlər birliyinin güclü olduğu bir ərəfədə, qoyulmuş qadağalara baxmayaraq, Ulu Öndər Heydər Əlyevin ittifaq respublikaları arasında fərqliliyi ilə seçilən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasından və bu məktəbdə yetişən kadrların potensialından milli ordu quruculuğu zamanı lazımi şəkildə istifadə edilməsinə də toxunub. Eyni zamanda, Hərbi tibb fakültəsinin məzunlarının 44 günlük Vətən müharibəsi zamanı necə rəşadət göstərdiklərini də konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitunun rektoru, general-mayor, dosent Arif Həsənov da öz çıxışında Hərbi tibb fakültəsinin kursantlarının apardığı elmi araşdırmalar və qazandığı nailiyyətlərdən, onların beynəlxalq səviyyəli nüfuzlu jurnallarda məqalələrinin nəşr olunmasından danışıb. Bildirib ki, 3 sahə var ki, o sahələrdə güzəşt və xəyanətə yol verilmir: “ Onlardan biri təhsil, ikincisi həkim, üçüncüsü isə hərb sahəsidir. Hərbi tibb fakültəsinin tələbələri həm təhsil alır, həm də gələcəyin həkim və hərbçisi olacaq. Bilirəm ki, Hərbi tibb fakültəsinin rəhbərliyi bu yüksək xüsusiyyətləri nəzərə alaraq, burada heç kimə güzəşt etmir”.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov da çıxışı zamanı Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəsissələrində tibb fakültəsində yetişmiş mütəxəssislərin yerləşdirilməsi və onların potensialından istifadə edilməsi məsələsinə toxunub. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının nəzdində poliklinika binasının və digər tibb müəssisələrinin istifadəyə verilməsindən danışıb. Həmçinin, gələcək planlardan söz açıb. Qarabağ ərazisində bir neçə hospitalın, o cüqmlədən Xankəndidə Hərbi Hospitalın istifadəyə veriləcəyini, həmin hospitallarda Hərbi Tibb fakültəsinin məzunlarının işlə təmin olunacağını qeyd edib.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxışı zamanı may ayının əlamətdar günlərlə zəng olduğunu bildirib. Ulu Öndərin dünyaya gəlişinin, Müstəqillik Gününün, Hərbi tibb fakültəsinin yaradılmasının bu əlamətdar günlər sırasında olduğunu diqqətə çatdırıb: “ Ölkəmizdə hərbi tibb sistemində savadlı və yüksək hazırlıqlı tibbi kadrların hazırlanması dövlətimizin hərbi təhlükəsizlik strategiyasında mühüm yer tutur. Bu məqsədə nail olmaq üçün Hərbi tibb fakültəsinin əvəzsiz rolu danılmazdır. Bu fakültənin fəaliyyəti illərdir ki, gələcək hərbi həkimlərin yalnız nəzəri biliklərə deyil, eyni zamanda onların döyüş şəraitində, ekstremal tibbi situasiyalarda düzgün qərarvermə bacarığına yiyəllənməsinə, elmi-pedaqoji potensiala və vətənpərvərlik ruhuna əsaslanır. Bu uğurların mərkəzində isə sözsüz ki, zəngin elmi və hərbi təcrübəyə malik olan Hərbi tibb fakültəsinin kollektivi dayanır”.
Fakültəyə vaxtilə rəhbərlik etmiş və hazırda dərs deyən müəllimlərə xatirə plaketi təqdim olunub.
Konfrans zamanı fakültənin dünəni, bu günü və sabahını əks etdirən qısametrajlı film nümayiş etdirilib.
Hərbi tibb fakültəsinin məzunu, tibb xidməti leytenantı Nicat Nəsibli və Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nigar Babayevanın aparıcılığı ilə konfrans rəsmi hissəni bitirib və bədii hissəyə start verib.
Bədii hissədə ATU-nun tələbələrinin vətənpərvərlik mövzusunda səsləndirdiyi mahnılar tədbirə xüsusi rəng qatıb.
Tələbələrdən Cansu Güzelin ifa etdiyi “Azərbaycan”, Sezer Çelikin “Bil oğlum”, Liva Bitmez və Lalə Salmanlının “Torpağın səsi”, Sara Adayevanın “Ulu vətən”, Məryəm Nayibovanın “Azərbaycan” mahnıları alqışlara səbəb olub.


