Ordubadın icra başçısı Xanağa kəndində səyyar qəbul keçirib - FOTOLAR

Hit: 303
Ordubadın icra başçısı Xanağa kəndində səyyar qəbul keçirib - FOTOLAR
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Xanağa, Ağrı və Dizə kənd sakinləri ilə səyyar görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini birbaşa dinləmək, onların arzu və təkliflərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ və səmərəli həllinə nail olmaq məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, görüşdə çıxış edən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan bəhs edərək, bu islahatların əhalinin rifah halının yüksəldilməsinə və regionların davamlı inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Bildirilib ki, respublika üzrə reallaşdırılan infrastruktur layihələri çərçivəsində Ordubad rayonunda da mühüm addımlar atılır və yaxın dövrdə müxtəlif sahələr üzrə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
 
İcra başçısı, həmçinin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və konstitusion suverenliyinin tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqı öz tarixinə ən şanlı səhifələrdən birini yazaraq işğal altındakı torpaqlarını azad etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün hərtərəfli şərait yaradılır.
 
Eyni zamanda görüşdə Azərbaycanın xarici siyasətində türk dünyası ilə əlaqələrin xüsusi yer tutduğu da vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal iştirak edir və türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan dövlət başçısının 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı, orada səsləndirdiyi strateji əhəmiyyətli fikirlər və irəli sürdüyü təşəbbüslər Azərbaycan-Türk dünyası əlaqələrinin möhkəmlənməsində mühüm mərhələ kimi dəyərləndirilməlidir. Azərbaycan türkdilli ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrini siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə ardıcıl olaraq dərinləşdirir.
 
Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən danışan icra başçısı, bu dəhlizin region ölkələri, o cümlədən Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb. Qeyd edilib ki, dəhlizin istifadəyə verilməsi ölkəmizin mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsinə xidmət etməklə yanaşı, Ordubad rayonunun sosial-iqtisadi inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.
 
Görüşdə “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda icra olunacaq layihələr barədə də ətraflı məlumat verilib. Yol infrastrukturunun yenilənməsi, müasir su təsərrüfatı sistemlərinin qurulması və məşğulluq imkanlarının artırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə danışılıb. Bildirilib ki, bu proqram regionun sosial-iqtisadi inkişafına təkan verəcək və bir sıra sahələrin dinamik inkişafını təmin edəcəkdir. Həmçinin, rayon ərazisində mədən sənayesinin dirçəldilməsi, ipəkçilik və konserv istehsalı müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.
 
Görüş zamanı sakinlərin kəndin ümumi problemləri ilə bağlı müraciətləri dinlənilib. Səsləndirilən məsələlər – məşğulluq, sosial yardım, elektrik, torpaq və digər sahələrlə bağlı problemlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb və həlli üçün konkret tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi