İŞKUR nümayəndə heyəti DOST Agentliyində olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
İŞKUR-un İdarə Heyəti sədrinin müavini Mustafa İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST modeli barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 161 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası haqqında təqdimat edilib. Bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.
Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


