Salyanda işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib

Hit: 171
Salyanda işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyanda işəgötürənlər üçün “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
 
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Şirvan-Salyan regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 100-ə yaxın şəxs iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan regional şöbəsinin rəis müavini İman Səmədov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, tədbirdə müzakirə olunan mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Həmçinin İ.Səmədov işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin Qərarından da bəhs edib. Özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin artıq başa çatmaq üzrə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin əməkdaşı Zahid Sadıqov  “Uşaqların əmək hüquqları” mövzusunda məruzə ilə çıxış edib.
 
Tədbirdə Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili də çıxış edərək Mərkəzin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
 
Həmçinin “İnsan Hüquqları Aylığı” (18 may – 18 iyun) çərçivəsində insan hüquqlarının, xüsusilə əmək hüquqlarının təbliği və bu sahədə işəgötürənlərin maarifləndirilməsi məsələlərinə də toxunulub.
 
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








Redaktorun seçimi