Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qaçaqkənd kənd sakinləri ilə səyyar görüş keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qaçaqkənd kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Qaçaqkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqa xidmət nümunəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Fondu Ulu Öndər Heydər Əliyevin adını daşıyan, milli-mənəvi dəyərlərimizin qorunmasına, sosial rifahın yüksəldilməsinə, eləcə də ölkəmizin mədəniyyət, təhsil və səhiyyə sahələrində inkişafına böyük töhfələr verən nüfuzlu bir qurumdur. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond müxtəlif sahələrdə mühüm layihələr həyata keçirmişdir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək qeyd edib ki, 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram və onun dövlətçilik ideyalarına sadiqlik ruhunda fəaliyyət göstərir. Fondun əsas məqsədi Azərbaycanda sosial, humanitar və mədəni sahələrin inkişafına dəstək vermək, cəmiyyətin ehtiyaclarına cavab verən layihələr həyata keçirməkdir. Fondun fəaliyyəti çoxşaxəlidir və bir neçə əsas istiqaməti əhatə edir. Azərbaycanda yüzlərlə yeni məktəb və uşaq bağçası inşa olunmuş, mövcud təhsil müəssisələri isə əsaslı şəkildə yenidən qurulmuşdur. Təmir və tikinti işlərinə misal olaraq Xıllı qəsəbə 1 saylı, Bankə qəsəbə 2 saylı və hazırda tikintisi davam edən Neftçala şəhər 4 saylı tam orta məktəblərini göstərmək olar. Bu təhsil müəssisələrinin inşası gələcəyimiz olan gənclərin savadlı, bilikli və vətənpərvər ruhda yetişməsi üçün atılan mühüm addımlardandır. Heydər Əliyev Fondunun fəaliyyəti təkcə layihələrin icrası ilə məhdudlaşmır. Bu fəaliyyətin hər bir addımında xalqa xidmət, insanlara dəstək və cəmiyyətin inkişafına töhfə prinsipləri dayanır. Məhz bu səbəbdən Fondun fəaliyyəti əsl xalqa xidmət nümunəsi, dövlət və cəmiyyət arasında körpü rolunu oynayan bir modeldir.
RİH başçısı həmçinin bildirib ki, bütün bu fəaliyyətlərə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xüsusi həssaslıq və məsuliyyətlə yanaşılır. Onun şəxsi təşəbbüsü ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirilən humanitar layihələr Azərbaycanı dünyada daha yaxından tanıdır və ölkəmizə rəğbət hissini artırır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərazisində bankomat və Milliön ödəmə terminalının quraşdırılması, tibb məntəqəsinə ixtisaslı həkim çatışmazlığı, əkin suyunda yaranan çətinlik və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


