Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş “Biz səni yaşadacağıq!” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial elmlər və psixologiya kafedrasının dekanı Rövşən Cavadov Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Nail Orucovun keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, 2020-ci il oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olan polkovnik-leytenant Nail Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. BDU şəhid məzunlarının xatirəsini həmişə uca tutur, onların qəhrəmanlıqlarının tələbələrə aşılanması istiqamətində tədbirlər həyata keçirir. Həmçinin, onların ailələrini daim diqqətdə saxlayır, dəstək göstərir.
Sosiologiya kafedrasının məsləhətçi professoru, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman övladlarımızın həyat yolunun örnəyə çevrildiyini deyib, gəncləri Vətəni onlar kimi sevməyə, qorumağa səsləyib.
Şəhidin döyüş yoldaşı Zamiq Qasımov polkovnik-leytenant ilə bağlı xatirələrini bölüşüb, onun tabeliyində olan əsgərlərinə öz övladları kimi qayğı göstərdiyini, qəhrəmancasına həlak olduğunu qeyd edib.
BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, kafedranın professoru Kazım Əzimov çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Şəhidin övladları Nail Orucovun adını daim uca tutacaqlarına, atalarının yolunu şərəflə davam etdirərək, onun arzularını həyata keçirəcəklərinə söz veriblər.
Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva həyat yoldaşının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə görə BDU-nun və fakültənin rəhbərliyinə təşəkkür edib.
Sonda Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyatından bəhs edən videoçarx izlənilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II kurs tələbəsidir. BDU rektorunun əmri ilə o, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsinə təyin olunub.


