AzTU əməkdaşları Özbəkistanda beynəlxalq konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri Qasım Manafov və dosent Nicat Zöhrabov Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetində keçirilən və Nəqliyyat vasitələrinin mühəndisliyi kafedrasının professoru Akmal Anvaroviç Muxitdinovun 70-illiyinə həsr olunmuş elmi-praktik konfransda iştirak edib.
Tədbirdə Akmal Anvaroviç Muxitdinova AzTU rəhbərliyi və kollektivi adından hədiyyə təqdim edilib.
Konfrans çərçivəsində AzTU əməkdaşları şəhərlərdə hərəkət (mobillik) planlarının hazırlanması, elektrik və hibrid mühərrikli avtomobillərin layihələndirilməsi üzrə Daşkənd Dövlət Nəqliyyat Universitetinin kafedra və elmi-tədqiqat mərkəzləri ilə təcrübə mübadiləsinin aparılması, nəqliyyat ixtisasları üzrə təhsil alan tələbələrin ortaq araşdırmalarda iştirakı haqqında müzakirələr aparıblar. Həmçinin elektromobillərin konstruksiyası, dəmiryolu qurğu və avadanlıqları, İlkin Mühəndislik Məktəbi Mərkəzində vaqon və lokomotiv təsərrüfatı laboratoriyaları ilə tanış olublar.


