AzTU-nun 14 tələbəsinə “Adlı təqaüd” təqdim olunub

Hit: 142
AzTU-nun 14 tələbəsinə “Adlı təqaüd” təqdim olunub
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə “Adlı təqaüd”ün  təqdim olunması mərasimi keçirilib.
 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, ali təhsil müəssisələrinin rəhbərləri, müəllim və tələbələr iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edənlər ölkəmizdə həyata keçirilən gənclər siyasəti, təhsilin inkişafı və tələbələrin sosial rifahı istiqamətində görülən tədbirlərdən bəhs ediblər. “Adlı təqaüd” layihəsinin tələbələrin elmə, təhsilə və ictimai fəallığa marağının artırılmasında əhəmiyyətli rol oynadığı qeyd olunub.
 
Qeyd edək ki, ATİAHİ tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən bu layihə çərçivəsində bu günədək 3179 tələbə təqaüdlə mükafatlandırılıb. 
 
2024–2025-ci tədris ili üzrə isə 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.
 
Sevindirici haldır ki, bu tələbələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüslərində fəal iştirak edən və dərslərində əla nəticələr göstərən 14 tələbə də yer alıb. 








Redaktorun seçimi