Əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri Qubadlı rayonunda keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri Qubadlı rayonunun mərkəzində və Xanlıq kəndində keçirilib.
Bu tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilir.
Qubadlı rayonunda keçirilən növbəti maarifləndirmə tədbirlərində ümumilikdə 14 müəssisədən 231 rəhbər və işçi heyəti iştirak edib.
Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.
Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.
Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin cari ildə digər azad edilmiş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.


