Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır

14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyev Rafiq Əsgər oğlu Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayır.
Elə həmin gün Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə əlaqədar videoformatda qəbul edir. Tapşırıq və tövsiyyələrini verir.
İcra başçısını çətin və məsuliyyətli bir yol gözləyirdi. Çünki cənab Prezidentin göstərdiyi böyük etimadı doğrultmaqla yanaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin nüfuzuna dəymiş zərbəni bərpa etmək (Keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb olunmuşdu) lazım idi.
Rafiq Cəlilovun məhz Cəlilabadın İcra başçısı təyin edilməsi də təsadüfi deyildi. O, iqtisatçıdır və uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Beləliklə…
Təbii ki, Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı üçün ölkə rəhbərliyi tərəfindən daima işlər görülür. İnfrastruktur layihələri icra edilir.
Bəs ötən müddət ərzində görülən işlər hansı səviyyədə davam etdirildi? Rafiq Cəlilov Rayona rəhbərlik etdiyi 2021-2025 illər ərzində özünü doğrulda bildimi?
Qayıdaq əvvələ…
Prezident İlham Əliyev 14 sentyabr 2021-ci ildə Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vacib məqama toxunmuşdu.
Prezident İlham Əliyev: “Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın“.
Yəni cənab Prezident konkret olaraq bildirdi ki, Azərbaycan vətəndaşı onun üçün ən vacib faktordur. Görüləcək işlər bir başa vətəndaşın rifahı naminə həyata keçirilməlidir.
Cəlilabad İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunur ki, Rafiq Cəlilov 2025-ci il ərzində rayonun ayrı-ayrı kəndlərində 20-dən artıq səyyar qəbul-görüş keçirib. Əsaslı təmirdən sonra bir neçə obyektin açılışında iştirak edib. Şəhid ailələrini ziyarət edib, veteranlarla görüşüb. Bir sözlə əhali ilə sıx təmasda olub. Onların gündəlik qayğı və problemlərini öyrənib, vətəndaşları narahat edən məsələlərin obyektiv və ədalətli həllinə nail olub. Bütün müraciətləri şəxsi nəzarətinə götürüb.
Yuxarıda qeyd edilənlər rəsmi məlumatlardır. Bəs əslində necədir?
Məsələni yerində araşdırmaq üçün “24 İNFO MEDİA”nın əməkdaşı Cəlilabad rayonunda olub. Gəlin əsl reallığı vətəndaşların öz dilindən eşidək.
İlk müsahibimiz Mehman Əliyev Vətən müharibəsində şəhid olmuş Camal Əliyevin atasıdır. Şəhid atası deyir ki, şəhidlərin ailələrinə yüksək diqqət və qayğı hər zaman göstərilir. Bu məsələ birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın nəzarətindədir. İşlərin davamı olaraq bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində Cəlilabad rayonunda mühüm tədbirlər həyata keçirilir. İcra başçısı Rafiq müəllimlə səmimi görüşlərimiz olub. Biz qayğını hər zaman hiss edirik.
Zopun kənd sakini Bayazxan Kazımov isə deyir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun kənd sakinlərilə keçirdiyi səyyar görüş-qəbulun iştirakçısı olub. Onun sözlərinə görə görüşdə Rafiq Xəlilov hər kəsi tək-tək dinlədi. Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapdı.
Rayon sakini Araz Hüseynovla əməkdaşımız poçt şöbəsində rastlaşıb. Araz bəyin sözlərinə görə poçt şöbəsinə tez-tez gəlir. Poçt xidmətlərilə yanaşı şöbədə maliyyə xidmətlərindən də istifadə edir. Buna səbəb isə bəzi hallarda ödəmə terminallarında ödəniş edərkən rastlaşdığı problemlərdir. Onun sözlərinə görə poçt şöbəsi daha etibarlıdır. Burada yaradılan şərait, növbəli şəkildə vətəndaşların qəbulu, qəbz verilməsi işimizi daha da asanlaşdırır. Nəinki poçtda Rayonumuzun digər dövlət müəssisələrində bu cür rəftarla qarşılaşırıq.
Növbəti müsahibimiz Şorbaçı kənd sakini Əlişir Aslanovdur. Kənd sakininin sözlərinə görə illərdir bir neçə kəndi birləşdirən yollar bərbad vəziyyətdə olub. Deyir ki, təxminən 15 km-ə qədər yol Şorbaçı kəndilə digər kəndləri birləşdirir. “Daimi istifadə etdiyimiz yoldur. Yolun tikintisi zamanı Rafiq müəllimin özü şəxsən bir neçə dəfə ərazidə oldu. Kənd yollarının yenilənməsi bizə çox dəstək oldu.
Təbii ki, " 24 İNFO MEDİA" olaraq bu yazını hazırlamağımızın mühüm səbəbi var və biz Cəlilabadda görülən işləri olduğu kimi işıqlandırdıq.
Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
Biz gördüklərimizi yazdıq.
Hazırladı: 24 İNFO MEDİA


